Stomatit

Stomatit nədir ?         

Stomatoloji xəstəliklərdən ən çox rast gəlinən stomatit, ağız boşluğunun selikli qişasının iltihabi xəstəliyidir. Yaş həddi olmayan bu xəstəlik zamanı əmələ gələn iltihab ocağı formasına görə (xoralı, vezikul, düyüncük, düyün, eroziya, afta, deskvamativ və s.) müxtəlif  ola bilər. Stomatit polietioloji xəstəliklərdən hesab edilir.

Stomatitin 3 əsas növünü ayırd edirlər; aftoz, herpetik, göbələk mənşəli(kandidoz).

Göbələk mənşəli stomatit

Tez-tez rast gəlinən bu forma Candida cinsindən olan göbələklər vasitəsilə yaranır. Belə göbələklər ola bilərki ağız boşluğunda olsun amma xəstəlik törətməsin. Göbələk mənşəli stomatit (kandidoz) ən çox yenidoğulmuş uşaqlarda həyatlarının birinci həftəsində yarana bilər.

Səbəbləri

1.Doğuş zamanı (əgər anada vaginal kandidoz mövcuddursa)

2. Sanitar qaydalara riayət etməmək

3. Yenidoğulmuşun digər insanlarla kontaktı zamanı

Simptomları

  1. Ağızda quruluq və yanma hissi
  2. Qaşınma
  3. Nadir hallarda hərarətin qalxması
  4. Iştahasızlıq
  5. Narahat yuxu
  6. Körpələrdə narahatçılıq
  7. Dil də, yanaqda (dişlərin gülüş xətti nahiyəsində) ağ çirkli boz rəngli, kəsmiyə bənzər səth əmələ gəlir. Həmin səth asanlıqla təmizlənir və yeri hamar, şişkin qalır. Nadir hallarda çətin təmizlənər və qanayıb eroziya əmələ gətirər.

Aftoz stomatit

Ağız boşluğunda afta adlandırdığımız-bozumtul rəngli, kənarları qırmızı rəngli haşiyə ilə əhatə olunmuş, oval formalı eroziyaların əmələ gəlməsi ilə gedən iltihabi xəstəlikdir. Proses uzun müddət davam edir, aftaların sağalması 20 gün çəkir. Ən çox məktəb yaşlı uşaqlarda olur, nadir hallarda məktəbəqədər uşaqlarda təsadüf edilir.

      Səbəbləri

  1. Immunitetin zəifləməsi
  2. Vitamin çatışmazlığı
  3. Mədə-bağırsaq sisteminin pozğunluğu

Simptomlar

  1. Aftaların əmələ gəlməsi
  2. Selikli qişaqda çatlar, yanma hissi, ağrı
  3. Aftanın əmələ gəlməsi ilə birlikdə qidalanma zamanı ağrılar, limfa düyünlərində dəyişikliklər, iştahasızlıq, nadir hallarda hərarətin yüksəlməsi

Herpetik stomatit

Stomatitin ən ağrılı növlərindən biridir. Bir insanda ömründə bir dəfə baş versədə, başqa insan bu xəstəlikdən bütün həyatı boyunca əziyyət çəkə bilər. Dildə və yanaqlarda kiçik qabarcıqlar şəklində əmələ gəlir, hansıki zamanla onlar partlayır və ağrılı yaralar əmələ gətirirlər. Əvvəlcə qabarcıqlar şəffaf olur, sonra bulanıqlaşır, 3 gün sonra isə partlayır və geniş qırmızı rəngli eroziya əmələ gəlir.

Səbəbləri

  1. İmmunitetin zəifləməsi
  2. Avitaminoz
  3. Gingivit
  4. Dişlərin kariyesi
  5. Allergiya
  6. Travma

Simptomlar

  1. Ümumi zəiflik
  2. Baş və əzələlərdə ağrı
  3. Hipersalivasiya
  4. Udqunma zamanı ağrı
  5. Bədən hərarətinin yüksəlməsi (37-41 0С)
  6. Limfa düyünlərində dəyişikliklər(palpasiya zamanı ağrılı olur)

 

Stomatitin müalicəsi

Müalicədə müxtəlif qarqaralardan, məlhəmlərdən istifadə olunur. Vəziyyətə görə antibiotik terapiya başladıla bilər. Bunlardan əlavə stomatitdən əziyyət çəkən şəxsin gündəlik həyatında turş, acı, isti qidalardan, qazlı içkilərdən uzaq durmağı tövsiyyə edilir. Simptomatik aparılan müalicəyə baxmayaraq tez-tez təkrarlanan stomatitdirsə, artıq bu immun sistemində gedən hər hansı bir patoloji prosesə işarətdir.

 

Hazırladı: Dr. Fatimə Şamilqızı

  6125 dəfə oxunub

Paylaş: